Mesopotamiyada incəsənət
Şumer...Akkad...Babil...Assuriya sənəti
ART of Sumeria...Akkad...Babylonia...Assyria
Günümüzdə İraq kimi tanınan bölgədəki Mesopotamiya sənəti E.ə. VI əsrə qədər Şumer, Akkad, Babil və Assuriya mədəniyyətlərindən təşkil olunmuşdu. Bu müxtəlif mədəniyyətlərdən ibarət olan ərazi "mədəniyyətin beşiyi" adını almışdı. Cəmiyyətlər arasında müəyyən fərqlər olsa da, bu sivilizasiyalar öz mədəniyyət və incəsənətlərini bir-birlərini izləyərək yaratdılar. Nəticədə də, bəzi ənənələrinin bir-birlərinə keçdiyi qəbul oluna bilər. Hökmdar təbəqənin öz hekayələrini anlatmaq üçün istifadə etdiyi qabartmalar və gil lövhələr Şumerlərin üstün tutduğu sənət forması idi. Heykəllər, əsasən, kubik və ya silindr formasında düzəldilir, gözlərin təsir edici xüsusiyyəti vurğulanırdı. Assuriya krallarının iqtidar iddiaları xatirə qabartmaları və heykəllərlə doldurulmuş sarayların tikintisi ilə ifadə olunurdu. Bəzi nümunələri nəzərdən keçirək...
![]() |
Imperator Gudea, Şumer heykəli, e.ə 2150, Paris, Luvr Muzeyində sərgilənir |
Şumer imperatoru Gudeanın qüdrətini vurğulamaq üçün əlində dolça ilə su daşıyan kimi göstərilib. Abidənin üstündə mixi yazı ilə qeyd olunan əmrlər imperatorun iqtidarının göstəricisidir. Gudea Şumer tarixində qanın ən çox töküldüyü dövrə aid olan ən məşhur kral hesab olunur. Dövlətin hüdudları onun dövründə çox genişlənsə də, bütün amansız krallıqlar kimi bu idarəçilik də 50 il sonra çökmüşdür.
Təqribən 5000 il əvvəl kimsə bu su mərmərlərindən düzəldilmiş heykəlləri bir məbədin zəmisinə diqqətlə basdırmışdır. Şəkildə gördüyümüz bu heykəllərdir. Çoxu kişi heykəli olmaqla, cəmi 12 ədəd vardır. Boyu 30sm-dən az olanda var, 1 metrə çatan da..

Metropolitan İncəsənət Muzeyi bu heykəllərdən şəkildə gördüyünüzə "Ayaq üstə ibadət edən adam" adını verib. Bu heykəllərin tapıldığı məbədin Tanrı Abuya ibadət üçün salındığı düşünülür. hesab olunur ki, bu heykəl də onu düzəltdirənin, yəni varlı bir zadəganın vəkili kimi tanrının önünə yerləşdirilmişdi. Burada əks olunmuş Mesopotamiya mədəniyyətinin Misir mədəniyyəti ilə fərqi ondan ibarətdir ki, Misirdə düzəldilən heykəllər Fironu, yəni kralı təsvir edir və onun ilahiliyini göstərir, ancaq antik Yaxın Şərqdə kralların yox ibadət edən şəxslərin özlərini ifadə edən heykəllərə daha çox rast gəlinir. Ən azından erkən xanədanlıq illəri ərzində...

Bu gördüyünüz Luvr muzeyinin ən dəyərli eksponatlarından olan babil kralı Hammurapinin qanunlarının əks olunduğu abidədir. Bəziləri bu qanunları Xristianlığın müqəddəs kitabı Bibliyada yer alan 10 əmrin əcdadı kimi qəbul edir. Təpədə Hammurapi Tanrı Şamaşdan bu qanunları alarkən təsvir olunub. Şamaş həm günəş, həm də haqq-ədalət tanrısı hesab olunurdu. Maraqlı məqamlardan bir odur ki, Hammurapi demək olar ki, tanrıyla bərabərmiş kimi əks etdirilib. Tam olaraq eyni boyda olmasa da, ona birbaşa olaraq xitab edir. Ancaq özü ayaq üstədir, Tanrı isə əyləşib...Burada Hammurapi Tanrıdan həm üzük, həm də əsa alır ki, bular da əsərdə gücü simvolizə edir. Bazaltın üstündə yaradılan bu əsər 3 hissə yazıdan ibarətdir. Birinci hissədə kralın taxta çıxışından bəhs olunur, yəni onun kral olmağa necə haqq qazandığından. İkincisi, kralı şanı üçün tərif hissəsidir. Son olaraq isə, Babili idarə etmiş olan 300 qanun burada yazılmışdır. Burada həm cinayətlər, həm də onların qarşılığında veriləcək cəzalar öz əksini tapmışdır. Qanunların əhəmiyyəti ondan ibarətdir ki, insanın hansı təbəqədən olmasından asılı olmayaraq hər kəsin bu qanunlar qarşısında bərabərliyi ifadə olunub. Bu abidənin 4000 illik yaşına baxmayaraq bizə bu şəkildə gəlib çatmasının ən böyük səbəbi kimi isə sərt bazalt təbəqəsi üzərinə həkk olunması göstərilir, eyni zamanda əhəmiyyətinin dərk olunması və hörmət edilməsi də buna səbəb ola bilər...
Sonrakı yazılarımda Mesopotamiyanıın digər müxtəlif incəsənət abidələri haqqında da danışacam :)
0 yorum:
Yorum Gönder