Soyuq müharibədən sonra NATO-nun qəbul etdiyi strateji konsepsiyalar
Soyuq müharibə
dövründə NATO-nun rolu və məqsədi açıq şəkildə Sovet İttifaqının törətdiyi təhdidin mövcudluğu ilə müəyyən olunurdu. 1990-cı illərin əvvəllərində Varşava Paktı
buraxıldı və Sovet İttifaqı dağıldı. Ənənəvi düşmənlərinin yox olması ilə əlaqədar
bəzi şərhçilər, NATO-ya olan ehtiyacın da aradan qalxdığına və gələcək müdafiə
xərclərinin və silahlı qüvvələrə qoyulan sərmayənin da əsaslı şəkildə
azalacağına inanırdılar.
P.S. Soyuq Müharibə dövründə NATO-nun qəbul etdiyi strateji
konsepsiyalar barədə isə buraya "klikliyərək" blogdakı digər yazımızdan
məlumat əldə edə bilərsiniz. J
1991-ci ildən
etibarən yeni bir dövr başlamışdır. Bir zamanlar NATO-nun güclü rəqibi olan
Sovetlər Birliyi dağılmış, Rusiya və digər köhnə rəqibləri NATO-nun tərəfdaşı,
hətta bəziləri üzvü olmuşdur. İttifaq üçün bu dövr dialoq və əməkdaşlığın ön
plana çıxdığı dövr kimi dəyərləndirilir. Həmçinin bu dövrdə məlum təhdid və risklərin
böyük ölçüdə azalması, bununla yanaşı isə qeyri-müəyyən bir mühitinin yaranmısı, bu mühitin beynəlxalq təhlükəsizliyi təsiri altına alma
xüsusiyyətləri özünü göstərirdi. Artıq beynəlxalq cəmiyyəti yaxından
maraqlandıran asimmetrik təhdidlər, terrorizm, kütləvi qırğın silahlarının dövlət
xarici güclərin əlinə keçmə riski, gedərək artan qeyri-qanuni miqrasiya və
insan qaçaqmalçılığı, narkotik qaçaqçılığı, tükənən su və enerji qaynaqlarının
paylanması və nəzarəti, açıq dənizlərdə
nəqliyyatın təhlükəsizliyi, iqlim və ətraf problemlər kimi kompleks mövzular
ittifaqın gündəmini işğal etməyə başlamışdır. Belə mühitin formalaşdığı bir
zamanda 1990-ci ilin 5-6 iyul tarixlərində
London sammiti keçirilmişdir ki, bu
sammitdə NATO və Varşava Paktı üzvlərinin bir-birlərini düşmən kimi görmədiklərinə
dair Bəyannamə imzalandı. Eləcə də, NATO
strategiyasında köklü dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edildi.
London Bəyannaməsində Orta və Şərq
Avropanın yeni demokratikləşən ölkələrinin Avropanın siyasi quruluşunun əhəmiyyətli
bir hissəsi olduqları, Avropa təhlükəsizliyin “bölünməzliyi”, NATO-nun Avropanın bütün dövlətləri ilə əməkdaşlıq
edərək qitədə daimi sülhə nail olmaq cəhdləri
vurğulanırdı. Həmçinin London Bəyannaməsində
nəzərdə tutulan Avropa, əməkdaşlığa söykənən Avropa kimi qiymətləndirilir. Həmçinin,
Soyuq müharibənin bitməsi ilə artıq NATO-nun şərqə doğru genişlənməsi məsələsini
gündəmə gətirmək nöqteyi nəzərində Avro-Atlantika təhlükəsizlik anlayışı işlədilmiş
oldu. Bildiyimiz kimi, 1949-cu il Vaşinqton müqaviləsində Avro-Atlantik təhlükəsizlik anlayışı deyil,
Şimali Atlantika təhlükəsizlik anlayışı işlədilmişdi.
Roma sammiti və 1991-ci il strateji konsepsiyası: London sammitindən 16 ay sonra, yəni 1991-ci ilin 7-8 noyabr tarixlərində NATO üzvü olan ölkələrin dövlət və hökumət başçıları Romada toplanaraq NATO-nun Yeni Strateji konsepsiyasını təsdiqlədilər. Roma Bəyannaməsində NATO-nun Orta və Şərqi Avropa ölkələri ilə yeni qurulan əməkdaşlığı və eləcə də Avropanın gələcək təhlükəsizliyi ilə bağlı olaraq izləyəcəyi siyasət, yerinə gətirəcəyi vəzifələr öz əksini tapmışdır. 1991-ci il Strateji Konsepsiyası daha əvvəlki strateji sənədlərdən bir çox cəhətlərinə görə fərqlənirdi. Birincisi o idi ki, heç bir dövlət ilə qarşıdurma ehtiva etməyən ictimaiyyətə açıq sənəd idi. İkincisi isə, əsas məqsəd kimi bir tərəfdən ittifaq üzvlərinin təhlükəsizliyini kollektiv müdafiə yolu ilə qorumağı, digər tərəfdən isə keçmiş rəqiblərlə əməkdaşlıq münasibətləri çərçivəsində Avropada təhlükəsizliyi inkişaf etdirərək yaymağı hədəfləyirdi. Həmçinin, yeni strateji konsepsiyada Mərkəzi və Şərqi Avropa ölkələrinin bir sıra təhdidlərlə üz-üzə olduqları, bu təhdidlərin meydana gətirəcəyi böhranlı vəziyyətlərin silahlı qarşıdurmalara çevriləcəyi göstərilmişdir. Bu təhdidlər belə sıralanmışdır:
- Etnik münaqişələr
- Dövlətlərin sərhəd xəttlərindəki anlaşmazlıqları
- Din və məzhəb qarşıdurmaları
- Kütləvi qırğın silahlarının yayılması
- Terrorizm
- Təxribat
- Narkotik ticarət
Həmçinin
konsepsiyada nəzərdə tutulur ki, sülhü və
beynəlxalq təhlükəsizliyi qorumaq üçün NATO bu təhdidləri dialoq və əməkdaşlıq
çərçivəsində həll edə bilmədiyi təqdirdə müdaxilə yolu ilə - hərbi güc vasitəsilə aradan qaldırmalıdır. NATO-nun təhlükəsizlik
funksiyasında isə hər hansı bir dəyişiklik
olmamışdır. Yəni “üzv ölkələrin təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verilməsi”
prinsipi öz etibarlılığını qoruyub saxlayırdı. Ancaq yeni strateji mühitdə
NATO-nun sabitlik və təhlükəsizlik məsələlərinə yanaşması daha geniş bir çərçivə
qazanmışdır. Beləki, yeni strateji konsepsiyası təhlükəsizliyin müdafiə qədər siyasi, iqtisadi, ictimai və
ekoloji faktorlara də söykəndiyini qəbul
etdi. Konsepsiyada ittifaqın yeni strategiyasının bir-birini dəstəkləyən və tamamlayan üç ünsürə söykəndiyi də öz əksini
tapmışdır. Üç ünsür dedikdə isə dialoq, əməkdaşlıq
və birgə müdafiə nəzərdə tutulur. Burada güdülən əsas məqsəd Avropada və
dünyada sabitliyi təmin etmək üçün geniş bir təhlükəsizlik anlayışı çərçivəsində
əməkdaşlıq və dialoqu ön plana çıxartmaq olmuşdur.
Bu hədəflərə çatmaq üçün ittifaqın hərbi
qüvvəsi əhəmiyyətli faktor olaraq
qalırdı. Ancaq dəyişən təhlükəsizlik şəraitinə uyğun olaraq NATO qüvvələrində bir sıra dəyişiklik edilməsi
nəzərdə tutuldu. Hərbi qüvvələrin həcmi
soyuq müharibə dövründən daha kiçik olacaq, hazırlıq səviyəsi daha aşağı səviyyədə tutulacaq, ancaq yüksək
hərəkətlilik və atəş gücünə sahib olacaqdı. Yeni Strateji Konsepsiyaya uyğun
olaraq yenidən təşkil ediləcək hərbi qüvvələr
üç qrupa bölünürdü: Cəld reaksiya qüvvələri, əsas müdafiə qüvvələri və
gücləndirilmiş qüvvələr. NATO-ya daxil ölkələrin müdafiə sisteminin milliyyətçi
təsirlərdən uzaq tutulması üçün hərbi qüvvələrin çox millətli meyarlara əsaslanmasına
da diqqət yetirilirdi.
Roma sammitində eləcə də, müttəfiq
liderlər sülh və əməkdaşlığa dair bəyannamə də verdilər. Bu bəyannamə özündə Mərkəzi və Şərq Avropa ölkələri ilə inkişaf edən
əməkdaşlıq kontekstində NATO-nun gələcək vəzifələrini ehtiva edirdi. Bəyannaməyə
görə, İttifaq Mərkəzi və Şərqi Avropa ölkələrində keçiriləcək islahatlarla əlaqədar
atılan addımları dəstəkləyəcək, bu ölkələrə çətin keçid dövrü ilə əlaqədar
planlar təklif edəcək, üzv dövlətlər öz siyasi, iqtisadi və elmi mövzulardakı təcrübələrini
təqdim edəcəklər. Bu məqsədlərə nail olmaq üçün isə Şimali Atlantika Əməkdaşlıq
Şurası(ŞAƏŞ) quruldu. 16 NATO üzvü ilə bərabər
altı Orta və Şərqi Avropa ölkəsi və üç Baltik dövlətin iştirakı ilə
qurulan ŞƏAŞ-nın əsas məqsədi üzvlər arasında təşkilati əlaqələri gücləndirmək
və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək olmuşdur. ŞƏAŞ Soyuq
müharibənin həm fiziki, həm də zehni qalıqlarını yox etmək üçün yaradılmışdır. ŞƏAŞ illik
olaraq hazırlanan iş planlarına əsasən öz fəaliyyətini həyata keçirirdi,
1995-ci ildən sonra isə iki illik planlar hazırlandı.
Vaşinqton sammiti və 1999-cu il strateji konsepsiyası: 50-ci ildönümünü qeyd etmək və 21-ci əsr vizyonunu ortaya qoymaq üçün toplanan, XX əsrin son NATO Dövlət və Hökumət Başçıları Sammiti 23-25 aprel 1999-cu ildə Vaşinqtonda keçirilmişdir. Bu sammit İttifaqın Soyuq müharibə keçmişi ilə qloballaşan dünyadakı funksiyaları arasına bir sərhəd xətti çəkməsi baxımından NATO tarixinin ən əhəmiyyətli sammiti olmuşdur. Əsas gündəliyi Kosovo Böhranı və uzun müddətdirki müzakirə edilən Yeni Strateji Konsepsiya olan sammitdə üç əhəmiyyətli sənəd qəbul olundu: Yeni Strateji Konsepsiyası, Kosovo Bəyannaməsi və Vaşinqton Bəyannaməsi.
NATO Soyuq Müharibə sonrasında dəyişən
şərtlərlə ayaqlaşaraq 1991-ci il Roma sammitində Strateji Konsepsiya qəbul etmişdir. Ancaq gedərək
artan yeni geostrateji reallığın gerisində qalan bu konsepsiya, 1999-ci ildə Vaşinqton keçirilən sammitində yenilənmişdir.
Müttəfiqlər demokratiya, insan hüquqları və hüquqi dövlətə bağlılıqlarını ifadə etmiş və son əlli ildə
dünyada meydana gələn böyük dəyişikliklərə baxmayaraq dəyərlərinin və təhlükəsizlik
maraqlarının dəyişməyəcəyini vurğuladılar.
XXI əsrdə NATO-nun yeri və rolunu müəyyənləşdirən
yeni strateji konsepsiyada NATO-nun əsas məqsədləri, öhdəlikləri, strateji
perspektivləri, həmçinin onun gələcəkdə siyasi və hərbi inkişaf strategiyası dəqiq
müəyyənləşdirilmişdi. Həmçinin, yeni
konsepsiya NATO-nun Şərqə doğru genişlənməsinin
əsasını qoydu. Konsepsiyanın əsas məqsədi kimi NATO-nun bir neçə mərhələdə Mərkəzi və Şərqi Avropa ölkələrini öz
sıralarına daxil etməsi istiqamətində islahatların həyata keçirilməsi göstərilirdi. “Millətlərarası çevik
qüvvələr” adlı yeni strateji konsepsiya ilə alyansın fəaliyyət dairəsini
coğrafi cəhətdən genişləndirilməsi nəzərdə tutulurdu. NATO-nun yeni missiyası çərçivəsində
ilk dəfə olaraq “ittifaq xarici” müdaxilə
anlayışı ortaya qoyuldu. Bu yeniliyə görə
NATO-nun vəzifəsi yalnız üzv ölkələrin təhlükəsizliyinin müdafiəsi ilə məhdudlaşmır, lazım olduğu təqdirdə ittifaq xaricindəki regional və etnik qarşıdurmalara da müdaxilə
edə biləcəkdi. Bu çərçivədə münaqişələrin idarə edilməsi və sülh qoruma əməliyyatlarına
daha çox diqqət yetirmək qərara alındı.
Beləcə yeni missiya ilə “birgə müdafiə sistemi”ndən “birgə təhlükəsizlik
sistemi”nə keçən NATO, Avropa yönümlü təhlükəsizlik anlayışından uzaqlaşaraq
qlobal miqyasda təhlükəsizlik missiyasını mənimsədi. Bu konsepsiya əsasən Balkanlardakı hadisələrlə əlaqədar qəbul
edilmişdi və NATO üzvü olmayan Serbiyaya qarşı güc tətbiq etmək üçün hüquqi əsas
yaradırdı.
Vaşinqton
Zirvəsinin ən əhəmiyyətli müzakirə olunan mövzularından biri də NATO dəyərlərinə
zidd olaraq görülən Kosovo Böhranı idi.
1991-ci ildə Avropadakı münaqişələrin
qarşısının alınmasında BMT ilə əməkdaşlıq edəcəyi istiqamətində qərar
alan NATO, Kosovaya müdaxilə zamanı bu qərarı yox saydı. BMT-nin sülhü yaratma missiyasının müvəffəqiyyətsiz olması, BMT və NATO-nun ikitərəfli
qərar qəbul etmə prosesinin hərbi
müdaxilələri gecikdirməsi və eləcə də
Kosovaya müdaxilə edilməsi qərarına
Çin və Rusiya vetosu görə qərar qəbul edilə bilməmişdir. 1998-ci ilin
noyabrında keçirilən NATO Parlament Asambleyasında Kosovaya müdaxilə üçün BMT
TŞ qərarına ehtiyac duyulmadığı barədə qərar qəbul edilmişdir. Bu mənada Kosovo
Böhranı NATO baxımından bir dönüş nöqtəsi
oldu. Avropada təhlükəsizlik və müdafiə məsələlərini yenidən qiymətləndirməyi gündəmə gətirən
böhran, “ittifaq xarici” anlayışının ilk
dəfə olaraq NATO-nun Yeni Strateji Konsepsiyasına daxil edilməsinə səbəb oldu. NATO-nun
Kosovaya müdaxiləsini qanuniləşdirən bu
konsepsiya, bəzi tədqiqatçılar tərəfindən “milli suverenlik” prinsipinin pozulması kimi qiymətləndirildi. Həmçinin
yeni strateji konsepsiyada aşağıdakı məsələlər xüsusilə vurğulanmışdır:
- NATO yeni demokratik dövlətləri ehtiva edəcək şəkildə genişlənməyə davam edəcək;
- Müharibələrin yaranmasına səbəb olmayacaq şəkildə “Münaqişələrin qarşısının alınması”nı inkişaf etdirəcək;
- Şimali Amerika və Avropa təhlükəsizlik sistemlərinin gələcəkdə də bir-birindən ayrı təsəvvür edilməyəcək;
- Tərksilah fəaliyyətlərinə davam ediləcək və kütləvi qırğın silahlarının yayılmasının qarşısı alınacaq;
- BMT Nizamnaməsində qeyd olunan prinsiplərin həyata keçirilməsinə nəzarət etməyə davam edəcək, bu məqsədlə də ATƏT və Aİ ilə yaxın əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək;
- İnsan hüquqlarının qorunması, terrorla və mütəşəkkil cinayətkarlıqla mübarizəyə eyni qətiyyətlə davam edəcək
11
Sentyabr hadisələrindən sonra isə terrorizm təhdidi və kütləvi qırğın silahları
kimi məslələr ön plana çıxmış oldu. NATO-nun həm ittifaq daxili, həm də ittifaq xarici ərazilərdə
təhlükəsizlik sistemini qoruma ehtiyacı ortaya çıxdı. Digər tərəfdən isə dünya
düzənindəki dəyişikliklər, yeni yaranmış təhdidlər ilə birlikdə NATO
konsepsiyasının da yenilənməsi fikri
ortalığa çıxdı. Həmçinin , 1999-cu il
konsepsiyasında əsas məqsəd kimi NATO-nun Şərqə doğru genişlənməsi göstərilmişdir
ki, bu məqsədə də nail olundu: keçən 10 il ərzində NATO üzvlərinin sayı 16-dan
28-ə çatmışdır. 2009-cu ilin 3-4
aprelində Strasburqda keçirilən NATO
dövlət və hökümət başçılarının sammitində belə bir qərar qəbul olundu ki,
ekspertlərdən ibarət qrup yaradılsın və bu qrup NATO-nun yeni təhlükəsizlik şəraitinə
uyğun gələn yeni strateji konsepsiyasını hazırlasın. ABŞ keçmiş dövlət katibi Madeleine
Albright rəhbərliyi ilə ekspertlər qrupu yaradıldı ki, bu qrup da yeni
konsepsiyanın mətnini hazırladılar. 2010-cu ilin 17 mayında “NATO 2020:təhlillər və tövsiyələr”
adlı təklif sənədi NATO Baş Katibliynə təqdim
olundu. Həmin dövrdə bir çoxları elə fikirləşirdi ki, bu təklif sənədinin məzmunu ilə yeni strateji konsepsiya eyni olacaq.
Ancaq noyabrda qəbul olunan yeni konsepsiya kifayət qədər bu təklif sənədindən
fərqləndi.
Lissabon sammiti və 2010-cu il strateji konsepsiyası: 19-20 noyabr tarixlərində keçirilən Lissabon sammitində qəbul olunan yeni strateji konsepsiyasında NATO-nun gələcək on il üçün nələr etməsi lazım olduğu açıq və aydın şəkildə bəyan edildi.
38 maddədən ibarət yeni
konsepsiyanın fundamental vəzifə və prinsiplər başlıqlı ilk bölməsində 1)üzv ölkələrin müstəqillik və təhlükəsizliyinin
qorunmasının hər zaman etibarlı olacağı;
2) İttifaq üzvlərinin müdafiəsi üçün lazımlı olan kollektiv müdafiə; 3)münaqişəli
vəziyyətlərin idarə edilməsi və əməkdaşlıq
çərçivəsində üzv ölkələrin təhlükəsizliklərinə təminat verilməsi kimi üç təməl prinsipin NATO tərəfindən yerinə yetirilməsinə davam edəcəyi qətiyyətlə
vurğulandı. Yeni konsepsiyada vurğulanan
ən əhəmiyyətli məsələlər biri bu idi
ki, beynəlxalq cəmiyyətin səylərinin bir
hissəsi olaraq NATO-nun böhranlı vəziyyətlərin idarə edilməsindəki rolu daha da
artdırılacaq. Avro-Atlantika bölgəsi daxilində və xaricində NATO digər aktorlarla birlikdə hərəkət edərək
siyasi, vətəndaş və hərbi münaqişələri
öz vasitələrindən effektiv
istifadə edərək həll etməlidir. Digər konsepsiyalarda göstərilən bi sıra əsas
məsələlər yenilənmiş formatda yeni strateji konsepsiyada öz əksini tapmışdır.
Bunlardan biri də birgə müdafiə prinsipidir. Birgə müdafiə prinsipi(NATO üzvlərindən
birinə hücum digərlərinə hücum kimi qiymətləndirilir) Vaşinqton müqaviləsinin
5-ci maddəsində əks olunmuşdur ki, bu da NATO mövcudluğunun təməl maddələrindir.
Yeni strateji konsepsiyada isə hücumla hədələmə prinsipi də hücum anlayışna
daxil edilmişdir. Türkiyə ilə İsrail
arasında baş vermiş “Mavi Mərmərə” böhranında NATO-nun bu maddəyə nə qədər riayət
etdiyi sual altına alınmışdır. Burada
NATO üzvü olan bir ölkəyə NATO üzvü olmayan ölkənin faktiki hücumu baş
vermişdi. Lakin Türkiyə İsrail arasında proseslərin tənzimlənməsini NATO deyildə,
ABŞ öz üzərinə götürdü.
Təhlükəsizlik
mühiti başlıqlı ikinci bölmədə, hal-hazırda Avro-Atlantik regionda sülhün hakim
olduğu və NATO-a istiqamətli şərti hücum
ehtimalının aşağı olduğu ifadə edilmişdir. Bununla birlikdə şərti hücumların
göz ardı edilmədiyi, xüsusilə ballistik raketlərin yayılmasının NATO bölgəsi
üçün ciddi bir təhdid olduğunu vurğulanmışdır. Nüvə silahların, digər kütləvi
qırğın silahlarının yayılmasının qlobal sülh və rifah üçün ciddi təhlükəyə səbəb
olduğu, terrorizmin NATO ölkələrinin vətəndaşlarının təhlükəsizliyi, geniş mənada
isə beynəlxalq sabitlik və rifah üçün birbaşa bir təhdid olduğu vurğulanmışdır.
Müdafiə
və yayındırma başlıqlı üçüncü bölmədə
İttifaqın heç bir ölkəni düşmən olaraq görmədiyi, ancaq hər hansı bir üzvün təhlükəsizliyi
təhdid edildiyində, NATO-nun öz vəzifəsini yerinə yetirəcəyi
vurğulanmışdır. Nüvə potensialın ətrafında
formalaşan yayındırmanın isə NATO
strategiyasının təməl element olduğu qeyd edilmişdir. Xüsusilə Avropada, nüvə
silahlarının azaldılması məsələsində Almaniyanın tələbləri, Fransa ilə İngiltərənin
etirazı ilə qarşılaşdı. Nəticədə isə “NATO-nun nüvə silahlarına qarşı olduğu,
ancaq dünyada nüvə silahları var olduğu müddətdə NATO-nun nüvə gücü kimi
qalmağa davam edəcəyi” ifadəsi qəbul edildi.
Münaqişəli
vəziyyətlərin idarə edilməsi vasitəsi ilə təhlükəsizlik başlıqlı bölmədə isə NATO-nun sərhədləri xaricində baş verən
münaqişə və qarşıdurmaların, İttifaq üçün birbaşa təhdid meydana gətirdiyi, bu səbəblə NATO-nun
münaqişələrin qarşısının alınması və idarə edilməsi məqsədiylə üzərinə düşəni
edəcəyi ifadə edilmişdir. Əfqanıstan və Balkanlardakı əməliyyatlar münaqişələrin idarə edilməsində beynəlxalq əməkdaşlığın
əhəmiyyətini ortaya qoymuşdur.
Əməkdaşlıq
vasitəsilə beynəlxalq təhlükəsizliyi inkişaf etdirmə başlıqlı bölmədə NATO-nun
qapılarının sonuna qədər ittifaqın dəyərlərini bölüşən, üzvlük statusunun tələblərinə
cavab verən öhdəlik və vəzifələri yerinə
yetirən bütün Avropanın demokratik dövlətlərinə açıq olduğu vurğulanmışdır. NATO-nun beynəlxalq
təhlükəsizlik istəyi daşıyan bütün təşkilat və dövlətlərlə siyasi dialoq və əməkdaşlığını inkişaf etdirəcəyi, ortaq təhlükəsizlik
maraqları mövzusunda bütün dost dövlətlərlə əməkdaşlıq edəcəyi ifadə
edilmişdir. NATO-nun BMT və Aİ ilə fəaliyyət
istiqamətlərinə də xüsusi diqqət yetirilib. Əgər “NATO:2020” sənədinə baxsaq
orada ayrı-ayrılıqda NATO-nun BMT, Aİ,
ATƏT ilə əlaqələrinə dair başlıqlar var. Yeni konsepsiyada isə ATƏT çərçivəsində
təhlükəsizlik mühiti barəsində xüsusi
qeyd yoxdur. Bunun səbəbi isə əsasən Avro-Atlantika təhlükəsizlik məkanında
ATƏT-in təhlükəsizlik proseslərində malik olduğu təsir imkanlarının zəifləməsidir.
Eyni zamanda “NATO:2020” sənədində NATO-nun Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT
ilə əməkdaşlığın qurulması da öz əksini tapmışdır ki, bu təklif yeni strateji
konsepsiya öz əksini tapmadı. NATO-BMT arasında imzalanmış 2008-ci il bəyannaməsində
əməkdaşlıq prinsipləri öz əksini tapır. Burada NATO və BMT-nin təhlükəsizlik sferasında
təməl məqsədlərinin eyni olduğu vurğulanır. Yeni konsepsiyada da NATO növbəti
10 il üçün bu sahədə BMT ilə əməkdaşlığını artırmağı məqsəd kimi qarşısına
qoyub. NATO-Aİ əməkdaşlığında
“qarşılıqlı açıqlıq, şəffaflıq və tamamlayıcılıq” prinsipləri ön plana şəkildi. Aİ üzvü olmayan NATO ölkələrinin Avropa-Atlantika bölgəsinin təhlükəsizliyinə
çox önəmli töhfə verdikləri də xüsusi vurğulanıb.
Strateji konsepsiyada NATO-Rusiya əlaqələrinə
də xüsusi diqqət yetirilmişdir. 1997-ci il Madrid sammitində NATO-nun Şərqə
doğru genişlənməsinin 1-ci mərhələsində Polşa,Macarıstan,Çexiya NATO üzvünə
çevriləndə, Rusiyanın faktiki təzyiqlərini neytrallaşdırmaq məqsədilə
NATO-Rusiya arasında təməl akt imzalandı. Yeni konsepsiya ilə NATO Rusiya əlaqələrində yeni mərhələ
başlamış oldu. NATO Lissabon sammitinə Rusiyanı da dəvət etmiş, konsepsiyanın qəbul
olunması prosesində iştirak etmişdir. NATO Rusiyanı potensial təhlükə mənbəyi
kimi deyil, potensial tərəfdaş kimi görməyə çalışır. Hətta “NATO Rusiya üçün təhlükə kəsb etmir” ifadəsi
də yeni konsepsiyada əks olunub. Həmçinin qeyd edilib ki, “ bunun müqabilində
isə NATO Rusiya tərəfindən gerçək tərəfdaşlıq görmək istəyir”.
XXI
əsr üçün İttifaq başlıqlı son bölmədə isə NATO-nun
fərdi azadlıq, demokratiya, insan hüquqları və hüquqi dövlət kimi dəyərlərə söykənməsi, üzvlərinin
azadlıq və təhlükəsizliyini qorumağın əsas məqsəd olması və bu yönlərdə ittifaqın müvəffəqiyyətlə inkişaf etdiyi qeyd
edilmişdir. ₦
0 yorum:
Yorum Gönder